Akne keçir, sonra yenidən qayıdır: niyə?
Aknenin təkrarlanmasının səbəbləri, müalicənin iki mərhələsi və davamlı nəticə üçün gündəlik qulluq.

MüəllifDr. Şeyla CəfərovaDermatoveneroloq, estetik dermatoloq, akne eksperti
Akne keçir, sonra yenidən qayıdır. Bu dövr yorucudur, bilirəm. Çox vaxt sızanaqlar müalicə olunanda səthdə görünən problem yox olur, amma onu yaradan daxili səbəb həll olunmamış qalır. Nəticədə dəri müvəqqəti sakitləşir, sonra isə eyni problem yenidən üzə çıxır.
Akne niyə qayıdır
- Müalicə nəticə görünən kimi dayandırılır, dəstəkləyici mərhələ keçilmir
- Hormonal səbəb, məsələn polikistoz yumurtalıq sindromu, araşdırılmayıb
- Gündəlik qulluq dərini qurudur və ya məsamələri tıxayır
- Sızanaqları sıxmaq iltihabı dərinləşdirir
- Stress və bəzi dərmanlar, məsələn kortikosteroidlər
Davamlı nəticə üçün nə lazımdır
Akne ilə mübarizədə yalnız səthi görüntünü deyil, dərinin ümumi vəziyyətini nəzərə almaq vacibdir. Müalicə adətən iki mərhələdən ibarət olur: əvvəlcə iltihabı sakitləşdiririk, sonra yeni səpgilərin qarşısını alan dəstəkləyici müalicəyə, adətən yerli retinoidlərə keçirik.
- Aknenin növünü və dərəcəsini dəqiq müəyyən etmək
- Lazım olanda hormonal və digər analizlər
- Dərinizə uyğun, sadə və davamlı gündəlik qulluq
- Nəticəni planlı görüşlərlə izləmək
Evdə nəyə diqqət etməli
- Üzü gündə iki dəfə yumşaq təmizləyici ilə yuyun
- Yağlı dəri də nəmləndirilməlidir, "nonkomedogen" yazılı vasitə seçin
- Hər səhər SPF istifadə edin: bəzi akne preparatları dərini günəşə həssas edir
- Retinoid və ya benzoil peroksid istifadə edirsinizsə, qıcıqlanmanı azaltmaq üçün nəmləndirici ilə birləşdirin
Düzgün analiz və fərdi yanaşma nəticənin daha davamlı olmasına kömək edir.
Elmi mənbələr
Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.
- Reynolds, R. V., Yeung, H., Cheng, C. E., et al. (2024). Guidelines of care for the management of acne vulgaris. Journal of the American Academy of Dermatology, 90(5), 1006.e1-1006.e30. [PMID: 38300170] | [DOI: 10.1016/j.jaad.2023.12.017]
- Thiboutot, D. M., Dréno, B., Abanmi, A., et al. (2018). Practical management of acne for clinicians: An international consensus from the Global Alliance to Improve Outcomes in Acne. Journal of the American Academy of Dermatology, 78(2 Suppl 1), S1-S23.e1. [PMID: 29127053] | [DOI: 10.1016/j.jaad.2017.09.078]
- Zaenglein, A. L., Pathy, A. L., Schlosser, B. J., et al. (2016). Guidelines of care for the management of acne vulgaris. Journal of the American Academy of Dermatology, 74(5), 945-973.e33. [PMID: 26897386] | [DOI: 10.1016/j.jaad.2015.12.037]


