Əsas məzmuna keç
Dr. Şeyla Cəfərova
Bütün yazılar

Təsərrüfat sabunu, yod, soda: keçmişin üsulları dəriyə nə edir

Nəsildən-nəslə ötürülən dəri qulluğu üsullarını müasir dermatologiyanın yanaşması ilə qarşılaşdırırıq.

Dermatoloq Şeyla Cəfərova

MüəllifDermatoveneroloq, estetik dermatoloq, akne eksperti

Açıq yaşıl fonda adaçayı və terrakota rəngli yarpaqlar illüstrasiyası

Əvvəllər dəriyə qulluq üçün istifadə olunan bir çox üsul bu gün də nəsildən-nəslə ötürülür. Təsərrüfat sabunu, yod, salisil spirti, aspirin və soda. Amma hər məşhur üsul dərimiz üçün doğru deyil. Gəlin, bu üsulları müasir dermatologiyanın gözü ilə qarşılaşdıraq.

Təsərrüfat sabunu

Güclü qələvi mühitə malikdir və dərinin təbii turş pH-ını (orta hesabla 5-dən aşağı) pozur. Üz bir müddət "təmiz və qıcırdayan" hiss olunur, amma qoruyucu baryer zədələnir. Nəticədə quruluq, dartılma və qıcıqlanma yaranır, dəri aktiv müalicəyə daha çətin dözür.

Yod

Sızanağın üzərinə yod sürtmək dərini yandırır və qurudur. İltihabı müalicə etmir, əksinə, qıcıqlanma ləkə qalma ehtimalını artıra bilər. Sızanaq müalicəsində yodun yeri yoxdur.

Salisil spirti və aspirin maskası

Salisil turşusu müasir kosmetikada da istifadə olunur, amma düzgün konsentrasiyada (adətən 0,5-2%) və uyğun formada. Spirtli məhlul dərini həddən artıq qurudur, aspirin isə salisil turşusu deyil, asetilsalisil turşusudur: əzilmiş tablet dozası bilinməyən, qeyri-bərabər paylanan və qıcıqlandıran qarışıqdır.

Soda

Soda da qələvi maddədir. Skrab və ya maska kimi istifadə olunanda dəri baryerini pozur, kristalları dərini cıza bilər və həssaslığı artırır.

Bəs nə etmək lazımdır

  • Dəri tipinə uyğun, pH-ı balanslı yumşaq təmizləyici
  • Nəmləndirici, hətta yağlı dəri üçün də
  • Hər gün SPF
  • Akne və ləkələr üçün isə müayinədən sonra seçilən müalicə

Elmi mənbələr

Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.

  1. Lambers, H., Piessens, S., Bloem, A., Pronk, H., & Finkel, P. (2006). Natural skin surface pH is on average below 5, which is beneficial for its resident flora. International Journal of Cosmetic Science, 28(5), 359-370. [PMID: 18489300] | [DOI: 10.1111/j.1467-2494.2006.00344.x]
  2. Ananthapadmanabhan, K. P., Moore, D. J., Subramanyan, K., Misra, M., & Meyer, F. (2004). Cleansing without compromise: the impact of cleansers on the skin barrier and the technology of mild cleansing. Dermatologic Therapy, 17(Suppl 1), 16-25. [PMID: 14728695] | [DOI: 10.1111/j.1396-0296.2004.04s1002.x]
  3. Draelos, Z. D. (2018). The science behind skin care: Cleansers. Journal of Cosmetic Dermatology, 17(1), 8-14. [PMID: 29231284] | [DOI: 10.1111/jocd.12469]
  4. Reynolds, R. V., Yeung, H., Cheng, C. E., et al. (2024). Guidelines of care for the management of acne vulgaris. Journal of the American Academy of Dermatology, 90(5), 1006.e1-1006.e30. [PMID: 38300170] | [DOI: 10.1016/j.jaad.2023.12.017]