"Xala nə deyir?" yox, "dermatoloq nə deyir?": 5 yanlış məsləhət
Yağlı dəri, SPF, sızanaq sıxmaq və "təbii" vasitələr haqqında ən çox təkrarlanan yanlış fikirlər.

MüəllifDr. Şeyla CəfərovaDermatoveneroloq, estetik dermatoloq, akne eksperti
Dəri qulluğunda bəzi məsləhətlər o qədər çox təkrarlanır ki, artıq onları sorğulamadan doğru qəbul edirik. Məhəllənin xalaları hər mövzuda məsləhət verə bilər, amma "mənə yaxşı gəldi" ilə başlayan məsləhətlər bəzən dərinizin ehtiyacından çox, probleminizi artıra bilər.
"Yağlı dəri nəmləndirilmir"
Yanlışdır. Piy ifrazını əsasən hormonlar idarə edir, nəmləndiricidən imtina onu azaltmır. Əksinə, dərini qurudan vasitələr baryeri zədələyir, dartılma və qıcıqlanma yaradır, akne müalicəsinə dözümlülüyü azaldır. Yağlı dəriyə yüngül, nonkomedogen nəmləndirici lazımdır.
"Qışda və buludlu havada SPF lazım deyil"
Yanlışdır. Buludlu havada da ultrabənövşəyi şüaların əhəmiyyətli hissəsi yerə çatır. Pəncərə şüşəsi UVB şüalarını saxlasa da, piqmentasiya və qocalmada rolu olan UVA şüalarının böyük hissəsini keçirir. Piqmentasiya, erkən qocalma və akne izlərinin tündləşməsinin qarşısını almaq üçün SPF il boyu lazımdır.
"Sızanağı sıxsan, tez keçər"
Yanlışdır. Sıxanda iltihab dərinin dərin qatına itələnir, ətrafa yayılır və ləkə, hətta çapıq qalma riski artır.
"Təbii olan hər şey zərərsizdir"
Yanlışdır. Limon, sirkə, efir yağları və ədviyyat maskaları dərini yandıra, allergiya və ləkə yarada bilər. "Təbii" sözü təhlükəsiz demək deyil.
"Nə qədər çox vasitə, o qədər yaxşı nəticə"
Yanlışdır. On addımlı qulluq dəri baryerini yorur və qıcıqlanma yaradır. Çox vaxt təmizləyici, nəmləndirici və SPF-dən ibarət sadə qulluq ən yaxşı nəticəni verir. Aktiv vasitələri isə ehtiyaca görə, həkim məsləhəti ilə əlavə etmək lazımdır.
Bəzən ən yaxşı dəri məsləhəti "xala nə deyir?" yox, "dermatoloq nə deyir?" sualından başlayır.
Elmi mənbələr
Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və beynəlxalq klinik tövsiyələrə əsaslanır.
- Reynolds, R. V., Yeung, H., Cheng, C. E., et al. (2024). Guidelines of care for the management of acne vulgaris. Journal of the American Academy of Dermatology, 90(5), 1006.e1-1006.e30. [PMID: 38300170] | [DOI: 10.1016/j.jaad.2023.12.017]
- Young, A. R., Claveau, J., & Rossi, A. B. (2017). Ultraviolet radiation and the skin: Photobiology and sunscreen photoprotection. Journal of the American Academy of Dermatology, 76(3S1), S100-S109. [PMID: 28038885] | [DOI: 10.1016/j.jaad.2016.09.038]
- Tuchinda, C., Srivannaboon, S., & Lim, H. W. (2006). Photoprotection by window glass, automobile glass, and sunglasses. Journal of the American Academy of Dermatology, 54(5), 845-854. [PMID: 16635665] | [DOI: 10.1016/j.jaad.2005.11.1082]
- Johnsen, N., Poppens, M., & Cheng, K. (2024). Acne excoriée: Diagnostic overview and management. International Journal of Dermatology, 63(5), 565-571. [PMID: 38102842] | [DOI: 10.1111/ijd.16964]
- de Groot, A. C., & Schmidt, E. (2016). Essential Oils, Part IV: Contact Allergy. Dermatitis, 27(4), 170-175. [PMID: 27427818] | [DOI: 10.1097/DER.0000000000000197]


